Nizamiyyə Mədrəsəsiİslami Təhsil Mərkəzi
İslami elmlərin öyrədilməsi və mənəvi tərbiyənin verilməsi sahəsində xidmət göstəririk

İslami təhsilin önəmi
Əziz və Cəlil Allah belə buyurur: “Həqiqətən, Allah yanında (haqq) din İslamdır”. Yenə buyurur: “Siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz”. Yenə buyurur: “Qoy aranızdan bir qrup çıxsın ki, (insanları) yaxşılığa çağırsın, yaxşı əməlləri əmr etsin və pis əməllərdən çəkindirsin. Məhz onlar nicat tapandır”. Yenə buyurur: “Rəbbinin yoluna hikmətlə, gözəl öyüdlə dəvət et və onlarla ən gözəl şəkildə mübahisə apar”. Yenə buyurur: “Allaha dəvət edən, yaxşı iş görən və: “Şübhəsiz, mən müsəlmanlardanam!” — deyən kəsdən daha gözəl sözlü kim ola bilər?”. Bu ilahi çağırışlara cavab olaraq təsis etdiyimiz Nizamiyyə Mədrəsəsinin əsas qayəsi — səlim İslam şüuruna malik cəmiyyətlərin formalaşmasına töhfə vermək, yolunu itirmiş və mənəvi xəstəliklərə düçar olmuş fərd və topluluqları islah etməkdir. Tədris və təlim istiqamətində əsaslanılan mənbələr ümmətin etimad etdiyi imamlar və onların mübarək əsərləridir, buradakı ölçü və meyar isə şəxslərin deyil, qədim Əhli-Sünnə üsulunun təsdiqlədiyi səlim əqidə, səhih fiqh və ülvi əxlaq prinsipləridir. Bununla yanaşı batil firqə və bidət düşüncələrə qarşı elmi səviyyədə sipər olmaq, dini maarifdən məhrum qalanlara istiqamət vermək, mənəvi boşluqda çırpınanlara ruhani dayaq olmaq Nizamiyyə dəvətinin əsas hədəflərindəndir.
Nizamiyyə Mədrəsəsinin Əhəmiyyəti
Mədrəsəmizin “Nizamiyyə” adlandırılmasının səbəbi tarixdə elmə, maarifə və səlim dini düşüncəyə göstərilmiş ən böyük xidmət nümunələrindən birinə işarə etməkdir. Nizamülmülkün təsis etdiyi Nizamiyyə mədrəsələri əsrlər boyu Əhli-Sünnə elmlərinin inkişafına, alimlərin yetişməsinə və sağlam dini düşüncənin cəmiyyətə yayılmasına misilsiz töhfələr vermişdir. O mədrəsələr yalnız elm ocaqları deyil, həm də ümmətin birliyini, fikri sabitliyini, əqidə saflığını qoruyan mərkəzlər kimi tanınmışdır. Bizim mədrəsənin “Nizamiyyə” adını daşıması məhz o böyük mirasa bağlılığı, elmə və əxlaqa söykənən bir dəvət ənənəsini yaşatmağı, həmçinin dini tədrisin klassik üsul və dəyərlərini müasir dövrün ehtiyaclarına uyğun şəkildə canlandırmağı hədəflədiyimizi göstərir. Bu ad heç bir şəxsi və ya qruplaşmanı deyil, elm, ədəb, əqidə saflığı və ümmətin birliyinə xidmət etmək mahiyyətini təmsil edir.
Səy bəşərdən, tövfiq isə yalnız və yalnız Allahdandır!

Əsas Prinsiplərimiz
İslami təhsil və tərbiyədə rəhbər tutduğumuz əsas dəyərlər
Quran və Sünnet
Əhli-Sünnə əqidəsinə uyğun təlim və tərbiyə sistemi
Keyfiyyətli Təhsil
Müasir metodlarla ənənəvi İslami elmlərin öyrədilməsi
Mənəvi İnkişaf
Ruhani təmizlik və əxlaqi kamillik yolu
Birlik və Qardaşlıq
İslami qardaşlıq və həmrəylik mühiti
Elm və Hikmət
İslami elmlərin dərin öyrənilməsi və tətbiqi
İbadət və Təqva
Allah rızası üçün ibadət və təqva həyatı
Bizimlə Əlaqə Saxlayın
Suallarınız və ya təklifləriniz varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin
