
Müəllif: Yusif
Allahın ﷻ böyüklüyünün haqqı, insanın Onun qəzəbindən qorxmasıdır. Allahın ﷻ qəzəbindən qorxmaq Qurani-Kərim və hədisi-şəriflərdə üzərində çox dayanılan və fəziləti bəyan edilən bir əməldir.
Günahları Tökən Qorxu: Bir Hədis
Peyğəmbərin ﷺ əmisi Hz. Abbas (r.a) belə nəql edir:
“Bir dəfə biz Peyğəmbərlə ﷺ bir ağacın altında oturmuşduq. Həmin anda ağacın qurumuş yarpaqları tökülməyə başladı və ağacda sadəcə yaşıl yarpaqlar qaldı. Peyğəmbər ﷺ soruşdu:
“Bu ağacda necə bir ibrətin olduğunu bilirsinizmi?”
Yanında olanlar, “Allah və Rəsulu daha yaxşı bilər”, - dedilər. Peyğəmbər ﷺ buyurdu:
“Bu, mömin bir qula bənzəyir; onun qəlbi Allah qorxusundan titrəyər, günahları tökülər, sadəcə yaxşılıqları qalar.”
(Beyhəqi)
Qəlbə Allah Qorxusunu Necə Yerləşdirməli?
Qəlbdə Allah ﷻ qorxusu meydana gətirmək üçün Allahın ﷻ əzəmətini və qüdrətini dərindən düşünmək və qəlbə yerləşdirmək lazımdır. Bunun üçün:
- Keçmiş ümmətlərin aqibətini düşünmək.
- Quran və hədislərdə üsyan edən qövmlərə göndərilən əzabları təfəkkür etmək.
Bu şəkildə Allah ﷻ qorxusu qəlbə yerləşər. Bu zaman insanın hər cür günaha, zülmə və haqsızlığa olan cürəti aradan qalxar.
Nəticə: Təqva
Bunun nəticəsində bütün yaxşılıqların təməli, dünya və axirətdə insanın qurtuluşunun yeganə yolu olan təqva hasil olar.
Allah ﷻ cümləmizə bu böyük neməti nəsib etsin. Amin